Azərbaycan – mədən suları ilə zəngin ölkələrdən biridir. Respublikamız mədən sularının çoxluğu və müxtəlifliyinə görə özünə məxsus görkəmli yer tutur. Həmin mədən sularının bir neçəsi də azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında yerləşir. Məqsədimiz ana torpaq Azərbaycanımızın, Naxçıvan Muxtar Respublikasının mənzərəli guşələrindən biri olan Babək rayonunun Sirab kəndindəki, müalicəvi eyniadlı mineral su yatağı “Sirab” – dan danışmaq, onunla sizləri yaxından tanış etməkdir.

Sirab mineral su yatağı Azərbaycan Respublikası Naxçıvan MR-nın şimal-şərqində Babək rayononun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14.6 km şimal – şərqdə, dağ ətəyində yerləşir. “Sirab” mineral su yatağı əsasən 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Həmin hövzələr Şorsudərə, Kəbləağıl və Kütandağ mineral su hövzələridir.

Ta qədim zamanlardan indiyədək Sirab mineral suyundan həm içmək, həm də müalicə məqsədləri üçün istifadə ediblər. “Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlayıblar. Bu məqsədlə 2 saylı quyu 1950-ci illərdə Azərbaycan geologiya idarəsi tərəfindən qazılmışdır.

Sirab mineral suyu fərdi olaraq qədim zamanlardan istifadə olunur. Kütləvi şəkildə isə suyun istifadəsinə 1950-1951-ci illərdən, “Sirab” mineral sudoldurma sexi tikildikdən sonra başlanılmışdır. Bu illərdə Yerli istehsal Şurası Sirab mineral su yatağı bazası əsasında sudoldurma sexinin salınmasının əsas təşəbbüskarı olmuşdur. Elə həmin ildən Şorsudərə hövzəsində kütləvi şəkildə Sirab mineral suyunun istehsalı başlandı. 2 saylı quyunun sutka ərzində verdiyi 40 m? su tələbatı ödəyirdi. İlk sudoldurma sexi ildə 12000 şüşə mineral su istehsal etmək gücünə malik idi.

   

1960-1964-cü illərdə “Sirab” mineral su yatağında dəqiq geologi kəşfiyyat işləri aparılmış, üç tip su almınmışdır, ilk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olunan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir.

Yeni tikilmiş “Sirab” mineral su doldurma zavodu əvvəlki hövzədən, yəni Şorsudərəsindəki 8 ą- li quyunun “Sirab–8“ hidrokarbonatlı natriumlu suyundan istifadə etyməyib, Kəlbəağıl hövzəsindəki “Sirab–12“ quyusunun suyunu şüşələrə doldurub, kütləvi istifadəyə verdi.

1983-cü ildə “Sirab” mineral su yatağında Şorsudərə ərazisində 1-k və 3/83 quyuları qazılmışdır. Əsas məqsəd karbonqazlı, yeni tipli mineral su almaq idi.

1982-ci ildə “Sirab” mineral su zavodunun sifarişi ilə 2-k/82 N-li kaptaj quyusu “Azərbminsugeokaptaj” respublika ekspedidiyası tərəfindən qazılmışdır.

 

Quyunun qazılmasında əsas məqsəd mineral suyun yer səthinə sərbəst çıxmasını təmin etmək və suyun israfçılıqla istifadəsini məhdudlaşdırmaqdan ibarət idi. 2-k quyusu 12 saylı quyudan 25 m məsafədə qazılmış və 250 m dərinlikdə debiti 1250 m3/sutka olmuşdur.

“Sirab” mineral sular zavodu keçmişdə Naxçıvan MR-nln əsasən Azərbaycan SSR-in iqtisadiyyatında önəmli yerlərdən birini tutmuşdur. “Sirab” mineral suyu keçmiş SSRi dönəmində öz əhəmiyyətinə və tərkibinə görə mühüm yer tuturdu. Sirab mineral suyuna keçmiş Sovet respublikalarında böyük tələbat var idi ki, bunun da əsas səbəbi “Sirab“ mineral suyunun süfrə olmaqla yanaşı həm də müalicəvi əhəmiyyətə malik olması idi.

Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq müəssisələrin iqtisadi əlaqələrinin pozulması nəticəsində “Sirab” mineral sular zavodunun istehsal gücü tam sürətlə aşağı düşmüşdür ki, bunun da əsas səbəbi Naxçıvan MR – nin blokada şəraitində yaşaması olmuşdur.

“Sirab” mineral sular zavodunun fəaliyyəti olmadığından uzun illər baxımsız qalaraq, orada olan avadanlıqlar tam olaraq sıradan çıxmışdır.

Ümummilli dahi liderimiz H.Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığın inkişaf etdirilməsi üçün böyük əməyi olmuşdur. Bunun nəticəsidir ki, “Sirab” mineral sular zavodu Naxçıvan MR, İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə 14 iyul 2003-cü ildə Açıq Səhmdar Cəmiyyətinə çevirilmişdir. Babək “Sirab“ ASC-nə çevrildiyi ilk gündən zavodda tə`mir - tikinti işlərinin layihə smeta sənədləri hazırlanmış və demək olar ki, nəzərdə tutulmuş işlərin 100% yerinə yetirilmişdir. Zavod Səhmdar Cəmiyyətə çevrildikdən sonra zavodda yenidənqurma işləri aparılmış, sex binası, inzibati bina, köməkçi sexlər təmir və ya bərpa edilmişdir. Babək “Sirab” ASC-i bir sıra Avropa firmaları ilə əlaqə yaradaraq yeni, müasir avadanlıqlar almışdır.

Hal-hazırda zadodda məhsul istnehsal edən iki sex fəaliyyət göstərir. Həmin sexlərin birində 3 texnoloji xətt quraşdırılmışdır. Həmin texnoloji avadanlıqların köməyi ilə müəssisədə standartlara uyğun olaraq müxtəlif çeşiddə o, cümlədən 0,2 lt şüşə butulka, 0.5 lt tac qapaqlı şüşə butulka və 0.5 lt yivli qapaqlı şüşə butulka, II sexdə isə 0.25 lt , 0.5 lt, 1 lt və ya 1.5 lt pet butulkalara “Sirab” mineral suyu doldurulur. Həmin xəttlərdə dünya standartlarına uyğun olaraq keyfiyyətli məhsul istehsal olunur.

Babək “Sirab” ASC 2005-ci il may ayında İsveçrənin Cenevrə şəhərində “Biznezdə Yüksək Keyfiyyətə görə “ qızıl medalına layiq görülmüşdür.

Cəmiyyətin gələcəkdə qarşısına qoyduğu məqsədlər aşağıdakılardır:

  1. Yüksək keyfiyyətli və dünya standartlarına uyğun məhsul istehsal etmək .
  2. istehsal olunan məhsulu dünya bazarına ixrac etmək .
  3. Texnologiyanın son nailiyyətlərindən istifadə etmək.